Azərbaycanda qeyri-neft-qaz sektorunda sənaye istehsalı 6 %-dən çox artıb

Sənaye
  • 13 iyun, 2025
  • 12:07
Azərbaycanda qeyri-neft-qaz sektorunda sənaye istehsalı 6 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 26 milyard manatlıq sənaye məhsulu istehsal edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % azdır.

Hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,8 % azaldığı halda, qeyri-neft-qaz sektorunda 6,4 % artım qeydə alınıb.

Sənaye məhsulunun strukturuna baxdıqda, 62,2 %-i mədənçıxarma, 31 %-i emal, 5,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 % azalıb, əmtəəlik təbii qaz hasilatı isə 1,7 % artıb.

Emal sənayesində isə bir sıra istiqamətlər üzrə artım müşahidə olunub. Belə ki, ağac emalı və ağac məmulatlarının istehsalı 2,1 dəfə, əczaçılıq məhsulları - 84,9 %, toxuculuq məhsulları - 26,8 %, kimya sənayesi məhsulları - 13,1 %, qida məhsulları - 9,4 %, maşın və avadanlıqlar - 7,7 %, içkilər - 5,6 %, tütün məmulatları - 4,9 %, rezin və plastik məmulatlar - 4,7 %, mebel - 4,6 %, elektrik avadanlıqları istehsalı isə 3,6 % artıb.

Bununla yanaşı, bəzi sahələrdə azalma qeydə alınıb. Neft məhsullarının istehsalı 5,2 %, kompüter, elektron və optik məhsulların istehsalı 7,8 %, hazır metal məmulatlarının istehsalı 9,6 %, tikinti materiallarının istehsalı 10,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 14,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,9 %, kağız və karton istehsalı 24,9 %, poliqrafiya məhsullarının istehsalı 35,5 %, geyim istehsalı isə 47,7 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda məhsul istehsalı 2,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 % artıb.