Azərbaycanda ilin sonunadək daha bir qızıl-mis mədənində hasilata başlanılacaq
- 22 iyun, 2023
- 11:48
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti hazırda inşa edilməkdə olan iki “Gilar” mədənindən birininin bu ilin sonunda işə salınacağna ümid edir.
“Report” şirkətə istinadən xəbər verir ki, bu barədə “Anglo-Asian Mining Plc”nin Baş icraçı direktoru Reza Vəziri bildirib.
Onun sözlərinə görə, “Gilar” başqa bir yeni “Zəfər” mədəni ilə birlikdə şirkətin beş il ərzində orta səviyyəli mis istehsalçısı olmaq planlarında mühüm rol oynayır.
R. Vəziri əlavə edib ki, hasilatın 11 % azalaraq 57 618 unsiya qızıl ekvivalentinə düşməsinə baxmayaraq, ümumilikdə 2022-ci il dağ-mədən şirkəti üçün daha məhsuldar il olub: “Ötən il şirkətin qazancı 84,7 milyon ABŞ dolları, vergidən əvvəlki mənfəəti isə 7,5 milyon ABŞ dolları, ilin sonuna pul vəsaitləri isə 20,4 milyon funt sterlinq təşkil edib”.
O əlavə edib ki, 2022-ci ilin iyul ayında Azərbaycanda “Anglo-Asian Mining Plc” şirkətinin Hasilatın Pay Bölgüsü Sazişinə düzəlişlərin qəbul edilməsi sevindirici haldır: “Bu şirkətə üç yeni müqavilə sahəsi olan “Xarxar”, “Dəmirli” və “Qaradağ”da işləməyə icazə verib. “Xarxar” və “Qaradağ” müqavilə sahələri mövcud “Gədəbəy” və “Qoşa” müqavilə sahələrinə bitişikdir və əhəmiyyətli miqdarda mis ehtiyatına malikdir”.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
"Zəfər" yatağında mis, qızıl və sink, "Gilar" və “Vejnəli” yataqlarında – qızıl və mis hasilatı planlaşdırılır.
2023-cü ildə “Anglo Asian Mining” qızıl hasilatını 30-32 min unsiya planlaşdırır.