Azərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb
- 13 noyabr, 2026
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın emal sənayesində 18 milyard 995,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2 %), toxuculuq sənayesi (+50,9 %), əczaçılıq məhsullarının istehsalı (+47,4 %), tütün məmulatlarının istehsalı (+15,1 %), kağız və karton istehsalı (+14,6 %), elektrik avadanlıqlarının istehsalı (+9,2 %), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6 %), metallurgiya sənayesi (+6,4 %), qida məhsullarının istehsalı (+5,4 %), tikinti materiallarının istehsalı (+4,5 %) sahələrində olub.
Xatırladaq ki, 10 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,7 % azalaraq 58 milyard 539,6 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 1,7 % azalaraq 40 milyard 038,9 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,8 % artaraq 18 milyard 500,7 milyon manat olub.