Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
- 13 oktyabr, 2026
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın emal sənayesində 16 milyard 982,9 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+76,8 %), əczaçılıq məhsullarının istehsalı (+60,4 %), toxuculuq sənayesi (+47,6 %), tütün məmulatlarının istehsalı (+16 %), kağız və karton istehsalı (+14,5 %), rezin və plastik kütlə məmulatlarının istehsalı (+8,5 %), elektrik avadanlıqlarının istehsalı (+8 %), tikinti materiallarının istehsalı (+7,1 %), qida məhsullarının istehsalı (+6,4 %), metallurgiya sənayesi (+6,1 %) sahələrində olub.
Xatırladaq ki, 9 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 51 milyard 178,1 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 2 % azalaraq 34 milyard 620,1 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 % artaraq 16 milyard 558 milyon manat olub.