Azərbaycan konsorsiumu İtaliyanın polad-litium zavodunun alışı üçün ən yaxşı iddiaçı seçilib
- 21 mart, 2025
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şirkətləri - “Baku Steel Co.” (BSC) və “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC-dən ibarət olan konsorsiumunun təklifi İtaliyanın polad istehsalçısı olan “Acciaierie d'Italia SpA” şirkətini almaq üçün ən yaxşısı kimi seçilib.
Bu barədə “Report” “Acciaierie d'Italia SpA”nın məlumatına istinadən xəbər verir. Təklif göndərən digər iki şirkət Hindistanın “Jindal Steel” və ABŞ holdinqi “Bedrock Industries” olub.
“Acciaierie d'Italia in AS” və “ILVA in ASın fövqəladə komissarları İtaliyanın Sahibkarlıq və İstehsalat Nazirliyinə BSC və AİŞ-in daxil olduğu Azərbaycan konsorsiumu ilə preferensial danışıqlara başlamaq üçün icazə sorğusu göndəriblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, qərar yenidən işə salınmaq üzrə daxil olan təkliflərin hərtərəfli təhlilindən sonra qəbul edilib. Seçim prosesi zamanı namizədlərin maliyyə gücü, təkliflərinin sənaye davamlılığı və məşğulluq və yerli icmalar üçün faydalar da daxil olmaqla, bir sıra amillər qiymətləndirilib.
“Polad-litium mərkəzinin gələcəyi ilə bağlı danışıqların mürəkkəbliyini nəzərə alaraq, danışıqlar prosesi iştirakçıların sənaye, əmək və sosial maraqlarının qorunmasına zəmanət verən zəruri məxfiliyə riayət edilməklə aparılacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, “Acciaierie d'Italia SpA”nın satınalınması üzrə tenderin 2025-ci il yanvarın 10-da başa çatan son tarixinə qədər 10 təklif təqdim edilib. Bunlardan yalnız üçü - BSC və AİŞ konsorsiumu, ABŞ-nin “Bedrock Industries Management Co Inc” və Hindistanın “Jindal Steel International” şirkətinin təklifləri şirkətin bütün biznes komplekslərinin alınmasına aiddir.
Vaxtilə Avropanın ən böyük zavodlarından biri olan İtaliya zavodu illərdir problemlər yaşayır. Daha əvvəl “İlva” kimi tanınan şirkət hazırda dövlətin idarəçiliyindədir, Tarantodakı zavod isə azaldılmış güclə işləyir. Hazırda zavod ildə 2 milyon tona yaxın polad istehsal edir. İtaliya hökuməti hasilatı zavodun maksimum gücünə - ildə 10 milyon tona mümkün qədər yaxın səviyyəyə qaytara biləcək investor axtarır.
“Acciaierie d'Italia SpA” İtaliyanın və Avropanın ən böyük polad istehsalçılarından biri olan Tarantoda yerləşən İtaliya şirkətidir. Onun strukturuna “Acciaierie d'Italia”, “AdI Energia”, “AdI Servizi Marittimi”, “AdI Tubiforma” və “AdI Socova” törəmə şirkətləri daxildir.
“Baku Steel Company” Qafqazda ilk və ən böyük müasir metallurgiya müəssisəsidir. Onun illik gücü 800 min ton poladdır.
AİŞ-nin əsas prioritetləri bunlardır: qeyri-neft sektorunun davamlı inkişafı, xarici investisiyaların cəlb edilməsi, müasir standartlara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması. Son 5 ildə AİŞ 19 yeni müəssisə yaratmaqla yanaşı, müxtəlif sahələrdə, o cümlədən qida istehsalı, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən sənayesi və “yaşıl” enerji sahələrində ümumi dəyəri 1,7 milyard manat 23 layihə həyata keçirib.