“Anglo Asian Mining” Azərbaycanda yeni qızıllı damar kəşf edib

Sənaye
  • 03 mart, 2022
  • 09:41
“Anglo Asian Mining” Azərbaycanda yeni qızıllı damar kəşf edib

Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” Qoşa mədəninin cənubunda yeni subvertikal “Həsən” adlandırılmış qızıl damarı kəşf edib.

“Report”un şirkətin yaydığı məlumata istinadən verdiyi məlumata görə, 2022-ci ilin ikinci yarısında “Həsən” yeni qızıl damarı və “Vejnəli” mədənindən filiz hasilatına başlanılması gözlənilir.

Xəbərdə deyilir ki, “Həsən” damarında hər ton üçün 229,5 qrama qədər yüksək qızıl nəticələri alınıb.

Şirkətdən həmçinin bildirilib ki, hazırda mövcud “Vejnəli” mədəni və fabrikinin qiymətləndirilməsi aparılır.

“Biz Gədəbəydəki mövcud mədənlərimizdə hasilatı davam etdiririk, həmçinin “Həsən” və “Vejnəli” qiymətləndirmələr başa çatdıqdan sonra bütün il üçün hasilat planları ilə bağlı yenilənmə təqdim etməyi səbirsizliklə gözləyirik”, deyə “Anglo Asian Mining” şirkətinin baş direktoru Reza Vəziri bildirib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qədir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.