Sərdar Əsədov: Dayanıqlı qan təminatını gücləndirmək qarşıda duran əsas vəzifələrdəndir
- 26 noyabr, 2026
- 09:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün təhlükəsiz və dayanıqlı qan təminatını gücləndirmək qarşıda duran əsas vəzifələrdəndir.
"Report" xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Sərdar Əsədov "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, son illərdə molekulyar genetik diaqnostika, hədəflənmiş terapiya, immunoterapiya, hüceyrə texnologiyaları, sümük iliyi transplantasiyası, rəqəmsal tibb və süni intellekt sahəsində əldə olunan nailiyyətlər bir çox qan xəstəliklərinin diaqnoz və müalicəsinə yanaşmanı əsaslı şəkildə dəyişib:
"Bir zamanlar məhdud müalicə imkanlarına malik olduğumuz bir sıra xəstəliklərdə bu gün uzunmüddətli remissiyadan, fərdiləşdirilmiş müalicədən və xəstələrin həyat keyfiyyətinin qorunmasından danışırıq. Ancaq elmin bizə verdiyi hər yeni imkan eyni zamanda qarşımıza yeni məsuliyyət qoyur".
O deyib ki, müasir diaqnostika və müalicə texnologiyalarını klinik praktikaya vaxtında tətbiq etmək, fərdiləşdirilmiş müalicəni genişləndirmək, nadir xəstəlikləri erkən aşkar etmək, təhlükəsiz və dayanıqlı qan təminatını gücləndirmək bu gün qarşıda duran əsas vəzifələrdir.
S.Əsədov əlavə edib ki, dünya hematologiyasında baş verən yeniliklər yalnız izlənməməlidir:
"Ölkəmizdə toplanmış klinik təcrübə və elmi məlumatlar sistemləşdirilməli, beynəlxalq elmi ictimaiyyətə təqdim edilməlidir. Azərbaycan tədqiqatçıları beynəlxalq çoxmərkəzli layihələrdə daha fəal iştirak etməlidir. Biz istəyirik ki, Azərbaycan hematologiyası beynəlxalq elmi əməkdaşlığın fəal iştirakçılarından biri olsun. Xüsusilə gənc həkimlərin və tədqiqatçıların belə beynəlxalq elmi mühitdə iştirakını vacib hesab edirəm. Biz gənclərə yalnız hazır bilik verməməliyik, onlara elmi düşünmək, sual vermək, tədqiqat aparmaq, nəticələri tənqidi təhlil etmək və öz elmi nəticələrini beynəlxalq auditoriyaya təqdim etmək bacarığını formalaşdırmalıyıq".