Novruz yarmarkasında mobil laboratoriyalar fəaliyyət göstərəcək
- 01 mart, 2019
- 14:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mobil laboratoriyaları Novruz yarmarkasında fəaliyyət göstərəcək.
İnstitutdan "Report"a verilən məlumata görə, Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunacaq yarmarkada kənd təsərrüfatı məhsullarının qida təhlükəsizliyi standartlarına uyğunluğu, təhlükəsizlik və keyfiyyət göstəriciləri AQTİ-nin mobil laboratoriyalarında yoxlanılacaq. Müayinələr İnstitutun təcrübəli və peşəkar laboratoriya mütəxəssisləri tərəfindən aparılacaq. Məqsəd vətəndaşları təhlükəsiz bayram məhsulları ilə təmin etməkdir.
Yarmarka dövrü meyvə-tərəvəzlərdə, çərəz və qurudulmuş meyvələrdə, turşularda, bal və s. qida məhsullarında təhlükəsizlik göstəriciləri tam nəzarətdə saxlanılacaq, məhsullar yalnız laboratoriya yoxlamasından keçdikdən sonra satışa buraxılacaq.
Qeyd edək ki, ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində keçirilən “Kənddən Şəhərə” adlı yarmarkada da qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri AQTİ-nin səyyar laboratoriyalarında yoxlanılmışdı.