ADB Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 140 milyon dollar ayıracaq

Maliyyə
  • 26 oktyabr, 2026
  • 13:09
ADB Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 140 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.

"Report" ADB-yə istinadən xəbər verir ki, bank tərəfindən nəzərdə tutulan kredit vəsaitinin həcmi hər biri 70 milyon ABŞ dolları olmaqla iki kredit xəttinə bölünərək 140 milyon ABŞ dollarına çatır.

Layihənin ümumi dəyəri 407 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.

Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçiriləcək. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.

Təşəbbüs ADB-nin Azərbaycanla 2025–2029-cu illər üçün Tərəfdaşlıq Strategiyası (CPS) kontekstində həyata keçirilir ki, bunun da prioritetləri sırasında ekoloji baxımdan dayanıqlı və "təmiz infrastruktur"un yaradılması yer alır.

Qeyd edək ki, Asiya İnfrastruktur İnvestisiya Bankı daha əvvəl Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib. İspaniyanın "Savener" mühəndislik şirkəti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası çərçivəsində mühəndis-layihələndirmə işlərinin aparılması üçün "HDEC Power China"nın subpodratçısı kimi müəyyən edilib.

"Savener" şirkətini baş podratçı (EPC) kimi çıxış edən HDEC ("PowerChina" qrupuna daxil olan "Huadong Engineering Corporation") korporasiyası cəlb edib, layihənin developeri isə Səudiyyə Ərəbistanının "Acwa" şirkətidir. "Savener" artıq tam şəkildə layihə üzərində işə qoşulub.

44 filmi