TƏBİB: İlin ilk doqquz ayında 12 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub

Sağlamlıq
  • 05 noyabr, 2025
  • 10:39
TƏBİB: İlin ilk doqquz ayında 12 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub

TƏBİB tabeli tibb müəssisələrində bu ilin yanvar-sentyabr ayları ərzində 12 min 296 uşaq icbari dispanserizasiyaya cəlb olunub.

"Report" xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 8 min, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 3 min 440, Xocalı Rayon Mərkəzi Xəstəxanasının heyəti tərəfindən 773, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən isə 83 uşaq müayinə edilib.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin uşaqlara qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçmək və aşkarlanan xəstəliklərin müalicəsinə başlamaq tövsiyə olunub.

Qeyd edək ki, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər - pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər həkimlər tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti