Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif olunub

Sağlamlıq
  • 19 iyun, 2026
  • 14:21
Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif olunub

Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif olunub.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə keçirilən görüşdə bildirilib.

Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub.

Teymur Musayev bildirib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:

"Dərman və tibb vasitələrinin ölkəyə idxalı zamanı əhalinin sağlamlığının qorunmasının vacibliyi nəzərə alınaraq nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda proseslərin sadələşdirilməsi və şəffaflığın artırılması üçün aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi vacibdir."

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov vurğulayıb ki, gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqi prioritet məsələlərdəndir:

"Qurumlarımız arasında məlumat mübadiləsinin genişləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və inteqrasiya olunmuş nəzarət mexanizmlərinin tətbiqi həm təhlükəsizliyin təmin olunmasına, həm də sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edəcək".

Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müvafiq reyestrə giriş imkanının yaradılması, idxalı müvafiq dövlət orqanlarının rəyi əsasında həyata keçirilən spesifik malların siyahısında müvafiq dəyişikliklərin hazırlanmasının zəruriliyi vurğulanıb.

Görüşdə tərəflər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.