Bakıda vərəmlə mübarizə ilə bağlı konfrans keçirilib

Sağlamlıq
  • 05 iyul, 2023
  • 09:16
Bakıda vərəmlə mübarizə ilə bağlı konfrans keçirilib

“Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son verməklə bağlı əsaslı beynəlxalq öhdəlikləri genişləndirmək təşəbbüsü: gündəlikdə Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü il üzrə Yüksək Səviyyəli Görüşünün Güclü Siyasi Bəyannaməsi” adlı konfrans keçirilib.

“Report” xəbər verir ki, Qlobal Fond İctimai Vəkillərininn Şəbəkəsi və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı və “Stop Vərəm Tərəfdaşlığı” təşkilatının dəstəyi ilə təşkil olunan tədbirdə dövlət rəsmiləri ilə yanaşı, xarici təşkilatların nümayəndələri də iştirak edib.

Qeyd olunub ki, tədbirin məqsədi BMT Baş Assambleyasının Vərəmlə bağlı Yüksək Səviyyəli İclasında qəbul ediləcək Vərəmlə bağlı siyasi bəyannamənin hazırlanması prosesini daha diqqətlə izləmək, məsləhətləşmələrdə fəal iştirak etmək və vətəndaş cəmiyyəti təşkilatlarının və icmaların maraqlarını müdafiə edən bəyannamənin qəbul edilməsinə dəstək olmaqdır.

Xatırladaq ki, bu il BMT-nin 78-ci plenar sessiyası çərçivəsində Vərəm üzrə Yüksək Səviyyəli Görüşün (BMT YSG) tarixi sentyabrın 22-si üçün müəyyən edilib.

BMT-nin Baş Assambleyasının (UNGA) bir hissəsi olaraq, vərəm epidemiyasına sona qoymaq istiqamətində gedişatı sürətləndirmək məqsədilə dünya liderlərinin, siyasətçilərin, vərəmdən təsirlənmiş icmaların, vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) və digər maraqlı tərəflərin bir araya gələcəyi YSG ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Mənzil Qərargahında keçiriləcək.

Tədbirdən sonra QHT-lər, icmalar, ictimai xadimlər, sosial işçilərin imzaladığı “Bakı Bəyannaməsi” BMT Baş Assambleyasının rəhbərliyinə ünvanlanacaq.

“Bəyannamə 2018-ci ildə qəbul edilmiş Siyasi Bəyannaməni təsdiq edəcək və daha da inkişaf etdirəcək. BMT YSG BMT-nin əvvəlki YSG-lərini təkmilləşdirmək və vərəmə son qoymaqla bağlı beynəlxalq siyasi öhdəliyi bir daha təsdiqləmək üçün böyük bir fürsətdir. Bu görüş BMT-in Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cüsünə (Yaxşı Səhiyyə və Rifah) nail olmaq üçün vərəmlə mübarizəyə ən yüksək siyasi dəstəyi səfərbər etmək istiqamətində böyük imkan olacaq və indi 2030-cu il Vərəmlə bağlı fəaliyyət yönümlü məqsədlərə nail olmaq üçün hər zamankından daha çox ictimai vəkil cəlb olunmalı və bu hədəfə nail olmaq uğrunda birləşməlidir”- sənəddə qeyd olunub.