Avropa İttifaqı və ÜST-ün sağlamlıqla bağlı layihəsinin yekun nəticələri təqdim edilib

Sağlamlıq
  • 20 iyun, 2022
  • 09:29
Avropa İttifaqı və ÜST-ün sağlamlıqla bağlı layihəsinin yekun nəticələri təqdim edilib

Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib.

"Report" xəbər verir ki, tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, beynəlxalq və yerli tərəfdaşlar, layihə benefisiarları və tibb işçiləri iştirak ediblər.

Qeyd olunub ki, 2020-ci ilin aprel ayından etibarən iki ildən artıq bir müddətdə həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsi Aİ və ÜST-ün Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.

Layihə rəhbəri Tural Qulu Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün həyata keçirildiyi dövr ərzində əldə edilən nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib.

Bununla yanaşı, ÜST-ün “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 000-ə çatıb.

Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər milli tərəfdaşlara dəstək olaraq ölkədə COVID-19 pandemiyasına hazırlıq və cavab tədbirləri istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Aİ-ÜST layihələri bundan sonra da Azərbaycanın səhiyyə sisteminə dəstək olaraq ölkə əhalisinin sağlam gələcəyinin təmin edilməsinə öz töhfəsini verməyə davam edəcək.

44 filmi