Xronika: Paşinyanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi "yol xəritəsi"nin hədəfi nədir?

Region
  • 19 dekabr, 2025
  • 00:05
Xronika: Paşinyanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi yol xəritəsinin hədəfi nədir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin yenidən Qarabağa qayıdışı, köçürülməsini Qərbi Azərbaycana qayıdış məsələsi ilə eyniləşdirməsindən bəhs olunur.

Bildirilir ki, erməni baş nazir Almaniyaya səfəri zamanı Hamburqda jurnalistlərlə görüşündə bəyan edib ki, bir tərəfdə Qərbi Azərbaycana qayıdış, digər tərəfdə Qarabağa qayıdış məsələsi var: "Təklif edirəm ki, bu iki mövzunu paralel şəkildə aradan qaldırmaq üçün birgə "yol xəritəsi" hazırlayaq, çünki qayıdış mövzusu münaqişə vəziyyətini uzunmüddətli olaraq aradan qaldırmaq deməkdir".

Qeyd olunur ki, Paşinyan Azərbaycanı "ermənilərin Qarabağa qayıdışını" gündəmə gətirə biləcəyi ilə şantaj edir və bu şantajla rəsmi Bakını Qərbi Azərbaycana qayıdış strategiyasından imtinaya məcbur edəcəyini düşünür: "Halbuki, nə praktiki olaraq, nə də beynəlxalq hüquq müstəvisində "ermənilərin Qarabağa qayıdışı" iddiası ilə Qərbi Azərbaycana qayıdış məsələsi eynilik təşkil edə bilməz. Azərbaycanlıların öz yurdlarına qayıdışı həm mövcud reallığın, həm də beynəlxalq hüququn tələbidir və Ermənistan bundan qaça bilməyəcək".

Ermənistanda hesab edirlər ki, Paşinyanın bu çıxışı Qərbi Azərbaycana qayıdış məsələsinin reallığa söykəndiyinin etiraf edilməsidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Xronika: Paşinyanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi "yol xəritəsi"nin hədəfi nədir?

Son xəbərlər

Bütün Xəbər Lenti