Ukraynalı nazir müavini: Müharibə başlayandan Azərbaycan enerji sahəsinə 15 milyon dollarlıq humanitar yardım edib
- 28 oktyabr, 2025
- 11:33
Rusiyanın 2022-ci ilin fevralında müharibəyə başlamasından bu günə qədər Azərbaycan Ukraynaya enerji sahəsində ümumilikdə 15 milyon dollar dəyərində humanitar yardım edib.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Energetika nazirinin müavini Roman Andaraq bildirib.
O qeyd edib ki, bu dövr ərzində Ukraynaya Azərbaycandan yardım qismində dörd partiyada enerji avadanlıqları gətirilib:
"Azərbaycan Ukraynanın etibarlı enerji tərəfdaşı olaraq qalır. Müharibənin başlanmasından dərhal sonra Ukraynaya generatorlar, bir qədər sonra isə transformatorlar, kabellər və digər avadanlıqlar Azərbaycandan göndərildi".
Onun sözlərinə görə, bu yardımların əksəriyyəti Sumı vilayətinə, Şostka şəhərinə göndərilib:
"Biz orada hücumların güclənməsini və Rusiya mülki enerji infrastrukturumuza qarşı hücumlarını müşahidə edirik. Artıq indi bu yardım bu cəbhəyanı bölgədə elektrik təchizatını, istilik təchizatını bərpa etməyə imkan verir".