Ukraynada xarici jurnalistlərə cəbhə bölgəsi ilə bağlı qoyulan qadağalar aradan qaldırılıb

Region
  • 31 avqust, 2023
  • 08:48
Ukraynada xarici jurnalistlərə cəbhə bölgəsi ilə bağlı qoyulan qadağalar aradan qaldırılıb
Sergiy Tomilenko

Ukrayna Jurnalistlərinin Milli İttifaqının sədri Sergiy Tomilenko ölkədə xarici jurnalistlər üçün məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərlərə münasibət bildirib.

“Report”un Şərqi Avropa Bürosuna müsahibəsində S.Tomilenko bildirib ki, bununla bağlı dərhal Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanına sorğu göndəriblər:

“Vurğulamaq istərdim ki, bu xəbər həqiqətən də çoxlu suallar doğurdu, eyni zamanda, biz Ukrayna Milli Jurnalistlər İttifaqı olaraq Baş Qərargaha sorğu hazırladıq. Sorğudan sonra 3 gün ərzində vəziyyət öz həllini tapdı və rəsmi məlumat verildi ki, mətbuat işçilərinin standart işi, o ərazilərə standart giriş proseduru bərpa olunur. Bu gün bu məsələdə texniki fikir ayrılığı olması ilə bağlı izahat var. Eyni zamanda mən nazir müavini ilə bu barədə danışmışam. Amma mən hələ də düşünürəm ki, bu böyük müharibədə Rusiyanın informasiya və kəşfiyyat məlumatları əldə etmək üçün daha çox vasitələri var. Ona görə də bu kimi bir çox yoxlama tipli tədbirlər mənim fikrimcə, jurnalistikaya qarşı hər hansı neqativ münasibət demək deyil”.

Jurnalistlər İttifaqının sədri bəzi mətbuat katiblərinin və press zabitlərin peşəkarlıq səviyyəsinə də toxunub:

"Bu sual hazırda Ukraynada mətbuat xidmətləri şəbəkəsində də aktualdır. Biz jurnalistlər ittifaqı olaraq mətbuat katibləri və Ukrayna silahlı qüvvələri ilə əlaqə saxlayırıq. Ən yaxşı təşkilatçılıq üçün jurnalistlərin mətbuat katibləri ilə birgə qatılacağı təlimlər keçirmək istəyirik. Jurnalistlər təhdid kimi yox, öz auditoriyasına həqiqəti çatdırmaq istəyən peşəkarlar kimi görünməlidirlər. Ona görə də bu təcrübəni başqalarına ötürmək üçün digər jurnalistləri də cəlb etmək istəyirik. Bu müharibədə Ukrayna Rusiya ilə eyni təcrübənin adını daşımamalıdır. Çünki Rusiya bir təbliğat maşını olan şər imperiyasıdır. Biz isə inkişaf etmiş dünyanın bir parçası olmalıyıq ki, bu dünyada söz azadlığı, jurnalistlərə hörmət əsas xüsusiyyətlərdən biridir”.

“Biz Ukrayna Jurnalistlərinin Milli İttifaqı olaraq, təbii ki, qarşılıqlı görüşlər təşkil etmək istəyirik. Bizə jurnalistləri başa düşməyə qadir məmurlar lazımdır. İnformasiyanı məhdudlaşdırmaq, bir qismə müsahibə, informasiya vermək, digərinə verməmək olmaz. Standartları başa düşmək və jurnalist ictimaiyyətindən rəy almaq üçün rəsmiləri platformamıza dəvət etməyə hazırıq. Düşünürəm ki, jurnalistlərlə münaqişə olarsa, müvafiq olaraq belə bir vəziyyət bizim gələcəyimizi qurmağa imkan verməyən pis siyasi mədəniyyət yaradacaq. Əgər nöqsanları tənqid etməsək, o zaman biz indi cəbhədə mübarizə aparan ölkəni qura bilmərik”, - S.Tomilenko qeyd edib.

Müsahibənin geniş variantı ilə burada tanış ola bilərsiniz.