Ukrayna azərbaycanlıları dünya birliyini ölkəyə humanitar və maddi dəstəyi artırmağa çağırıblar
- 05 sentyabr, 2023
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarını təmsil edən diaspor təşkilatlarının iştirakı ilə Rusiyanın apardığı müharibə əleyhinə tədbir keçirilib.
“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, “Rusiyanın Ukraynada apardığı müharibədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin mərkəzi və regional təşkilatlarının rolu” adlı konfrans konqresin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevin moderatorluğu ilə aparılıb. Konfransda ölkədəki azərbaycanlıların regional diaspor təşkilatlarının rəhbərləri, Ukrayna Nazirlər Kabinetinin etnik xalqlar və vicdan azadlığı üzrə xidmətinin rəhbəri Viktor Elenskiy, Ukrayna Ali Radasının deputatı Lyüdmila Burmistr, Gənclər və İdman Nazirliyindən Aleksandr Çepel, Krım tatarlarının nümayəndəsi, eyni zamanda Ukrayna Ombudsman xidmətinin rəsmisi Elvin Qədirov, politoloqlar, güc strukturlarının nümayəndələri qatılıblar. R.Tağıyev Ukraynanın 18 bölgəsindən diaspor nümayəndəsinin gəldiyini bildirərək, il yarımdan artıq müddətdə Ukraynada işğalçı müharibəyə qarşı azərbaycanlıların fəal rolundan danışıb:
“Konfransın əsas məqsədi Konqresin mərkəzi və regional təşkilatlarının Rusiya işğalına qarşı mübarizədə hansı addımlar atdığını göstərmək idi. Biz Ukrayna üçün bu çətin dövrdə nələr etdiyimiz barədə məlumat verdik. Məsələn, humanitar yardımlar göstərdik, Ukraynada yaşayan azərbaycanlılar bu müharibədə döyüşürlər. Bu müharibədə çox sayda azərbaycanlı hərbçi ölüb və yaralanıb. Ukraynaya beynəlxalq təşkilatlar çərçivəsində də yardım göstəririk. Biz konfransda Ukraynanın hüquqi baxımdan müdafiəsinə dəstək göstərilməsini də müzakirə edirik. Tək Ukraynada deyil, keçmiş sovet ölkələrində də separatizmin əleyhinəyik”, - o vurğulayıb. O, Ukraynanın imici naminə dezinformasiyaya qarşı mübarizəni də gücləndirməyə çağırıb.
Konfransda “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynovun təklifi ilə iqtisadi layihələr ilə də müharibə dövründə azərbaycanlıların fəaliyyətinin yenidən qurulması qərara alınıb. Konfransda dünya ölkələrindən Ukraynaya humanitar və maddi dəstəyin artırılması üçün konqresin daha da fəal olması ilə bağlı qərarlar qəbul edilib.