Ukrayna 250 müasir təyyarədən ibarət donanma yaratmağı planlaşdırır
- 28 oktyabr, 2025
- 12:43
Ukrayna genişmiqyaslı döyüş aviasiyasının inkişaf proqramı üzərində işləyir - məqsəd "F-16", "Gripen" və "Rafale" də daxil olmaqla 250 müasir təyyarədən ibarət donanma qurmaqdır.
"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ölkə Prezidenti Volodimir Zelenski bunu jurnalistlərlə görüşündə deyib.
"Biz İsveç, Fransa və ABŞ ilə müzakirələr aparırıq. Ümumi tələb 250 yeni təyyarədən ibarət donanmadır. Bu, bizim gələcəyimizdir", - o qeyd edib.
Prezidentin sözlərinə görə, İsveçlə 150 "Gripen" təyyarəsinin tədarükü və istehsalının lokallaşdırılması üçün ilkin razılaşma əldə edilib.
V.Zelenski həmçinin qeyd edib ki, ölkə ilin sonuna qədər bütün əsas sazişləri imzalamağı və gündə 500-800 dron əleyhinə vasitə istehsal etməyi planlaşdırır.