Türkiyə və Gürcüstan səhiyyə sahəsində əməkdaşlıq edəcək
- 21 oktyabr, 2025
- 10:21

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu rəsmi səfərlə Gürcüstana gəlib.
"Report"un Gürcüstan bürosu ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, nazir öz müavini və səhiyyə departamentlərinin rəhbərləri ilə birlikdə Tbilisidə yüksək səviyyəli görüşlər keçirəcək.
Türkiyə nümayəndə heyətinə Gürcüstan tərəfdən səhiyyə naziri Mixeil Sarjveladze ev sahibliyi edir.
İkigünlük səfər çərçivəsində tərəflər arasında səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş rəsmi danışıqlar aparılacaq və anlaşma memorandumu imzalanacaq.
Bundan əlavə, nümayəndə heyətinin üzvlərinin Gürcüstan parlamentinin deputatları və digər yüksək vəzifəli şəxslərlə görüşləri də planlaşdırılıb.
Səfərin məqsədi Gürcüstan və Türkiyə arasında səhiyyə sistemləri arasında təcrübə mübadiləsini genişləndirmək, birgə layihələrin həyata keçirilməsini və tibbi xidmətlərin keyfiyyətinin artırılmasını müzakirə etməkdir.