Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb, xəsarət alanlar var
- 29 yanvar, 2021
- 21:05
Rusiyanın Samara əyalətində baş verən yol qəzasında ölənlərin sayı 12 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə İstintaq Komitəsi xəbər verib.
"Hadisə zamanı daha 12 nəfər müxtəlif xəsarətlər alıb. Onlardan 5-i reanimasiyadadır", - deyə komitənin məlumatında bildirilir.
Qeyd edilir ki, "DAF" markalı yük avtomobili "Chevrolet Niva" markalı minik avtomobili və "Citroen" markalı mikroavtobus toqquşub.
Daha əvvəl bildirilib ki, hadisə zamanı 11 nəfər həlak olub.
23:48
Rusiyanın Samara əyalətində baş verən yol qəzasında ölənlərin sayı 11 nəfərə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Azarov bildirib.
"Dəhşətli qəza 11 nəfərin həyatına son qoydu. On nəfər hadisə yerində ölüb, bir nəfər xəstəxanada vəfat etdi", - qubernator özünün instaqramdakı səhifəsində yazıb.
Daha əvvəl bildirilib ki, hadisə zamanı 10 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin məlumatına görə, "DAF" markalı yük avtomobili "Chevrolet Niva" markalı minik avtomobili və "Citroen" mikroavtobusu toqquşub.
21:33
Rusiyada ağır yol qəzası baş verib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məlumata görə, hadisə Samara əyalətində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 10 nəfər həlak olub, daha 15 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəzaya avtobusun manevr etməsi səbəb olub. Qeyd edilir ki, qəza avtobus sürücüsünün ötmə əməliyyatı nəticəsində baş verib.