Rusiya Yaponiyaya genişmiqyaslı hərbi təlimlərlə bağlı etirazını bildirib
- 31 oktyabr, 2025
- 23:01
Rusiya oktyabrın 20-dən 31-dək keçirilən və öz sərhədi yaxınlığında yerləşən Hokkaydo adası da daxil olmaqla, bütün Yaponiyanı əhatə edən geniş miqyaslı "Joint Exercise 2025" hərbi təlimləri ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə kəskin etirazını bildirib.
Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən xəbər verir.
Nazirlik bu cür hərbi fəaliyyətin ölkənin Uzaq Şərq sərhədlərinin təhlükəsizliyinə potensial təhdid yaratdığını qeyd edib.
Moskva xüsusən Yaponiyanın İvakuni bazasında orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş "Tayfun" raket sistemi batareyasının yerləşdirilməsi ilə bağlı narahatlığını bildirib. Kompleks sentyabrın 11-dən 25-dək keçirilmiş "Resolute Dragon 25" birgə Yaponiya-ABŞ təlimləri başa çatdıqdan sonra bazada saxlanılmışdı.
Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.