Qərbi Azərbaycan Xronikası: Ermənilər niyə sərhəd kəndlərini tərk edir?

Region
  • 06 noyabr, 2025
  • 21:43
Qərbi Azərbaycan Xronikası: Ermənilər niyə sərhəd kəndlərini tərk edir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, "Ermənilər niyə sərhəd kəndlərini tərk edir?" adlı süjetdə Qərbi Azərbaycanın Dərəlyəz bölgəsində azərbaycanlıların məskunlaşmasına hazırlığın aparılması iddiasından bəhs edilir.

Bildirilir ki, iddia erməni jurnalist Sevak Akopyan tərəfindən "Yerevan today" saytında irəli sürülüb: "Erməni jurnalist yazır ki, hakimiyyət Dərələyəz (Vayots Dzor) bölgəsinin Kotanlı (Karmraşen) kəndində məktəbi bağlamaq qərarına gəlib. Bu, sərhəd bölgələrinin sürətlə boşaldığının mənzərəsidir. Baş verənlər həm də azərbaycanlıların qayıdışına hazırlıq kimi görünür. Kəndlərdə azərbaycanlıların qayıdışı haqqında mütəmadi olaraq söhbət gedir. Sakinlər deyirlər ki, məqsəd ermənilərin bu ərazilərdən çıxması, azərbaycanlıların bu bölgələrdə yaşamasıdır. Sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar boş qalan kəndlərə qayıdacaq".

Qeyd olunur ki, Ermənistan sülh danışıqlarından əldə olunan ciddi nəticələrə əsasən Qərbi Azərbaycana qayıdışı məsələsini arxa fona keçirməyə çalışsa da, rəsmi Bakının gündəliyi dəyişməz olaraq qalır: "Əsas gözlənti odur ki, yekun sülh sazişinin imzalanmasından sonra azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz şəraitdə qayıdışı təmin olunacaq. İstisna deyil ki, ilk qayıdış mərhələsi sərhədyanı ərazilər – Qərbi Zəngəzur, Dərəlyəz və Göyçə istiqaməti ola bilər. Bu baxımdan, adıçəkilən bölgələrdən ermənilərin kütləvi şəkildə köçməsi diqqət çəkir. Görünür, ermənilər də azərbaycanlıların qayıdışına hazırlığın getdiyini anladıqları üçün bölgədən gedirlər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Ermənilər niyə sərhəd kəndlərini tərk edir?

Son xəbərlər

Bütün Xəbər Lenti