Qazaxıstanda AI haqqında qanunun tezliklə qüvvəyə minməsinə ümid edirlər
- 10 oktyabr, 2025
- 15:05

Qazaxıstanda yaxın vaxtlarda "Süni intellekt haqqında" (AI) qanunun qəbul edilməsinə və qüvvəyə minməsinə ümid edirlər.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu parlamentin deputatı Yekaterina Smışlyayeva bu gün Astanada mətbuat konfransında bəyan edib.
"Parlamentarilər bu yaxınlarda ikinci oxunuşda "Süni intellekt haqqında" qanun layihəsini qəbul edib və Senata təqdim ediblər. Ümid edirəm ki, sənədə baxılması prosesi çox tezliklə başa çatacaq və imzalanmaq üçün dövlət başçısına təqdim olunacaq", - o, "Report"un sualına cavab verərkən deyib.
"Süni intellekt haqqında" qanun layihəsi AI ilə işləmək üçün vahid hüquqi əsasın yaradılmasına yönəlib.
"Rəqəmsal inkişaf sahəsində əsas tənzimləyici bu yaxınlarda yaradılmış Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi olacaq", - Y.Smışlyayeva qeyd edib.
Onun sözlərinə görə, xüsusilə kibertəhlükəsizliklə bağlı bəzi məqamlar Milli Təhlükəsizlik Komitəsi tərəfindən tənzimlənəcək.