Putin Krım körpüsünə hücumu mənasız terror aktı adlandırıb

Region
  • 17 iyul, 2023
  • 17:16
Putin Krım körpüsünə hücumu mənasız terror aktı adlandırıb

Rusiya Prezidenti Vladimir Putin iyulun 17-nə keçən gecə Krım körpüsünün partladılmasını mənasız terror aktı adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Krım körpüsündəki vəziyyətlə bağlı müşavirədə bildirib.

Dövlət başçısının sözlərinə görə, bu cinayət mənasızdır, çünki Krım körpüsü uzun müddət hərbi nəqliyyat üçün istifadə olunmur.

V.Putin Krım körpüsündə törədilən terror aktına görə Rusiyanın cavab verəcəyini deyib:

“Əlbəttə, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır”.

Rusiya Prezidenti qeyd edib ki, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi Krım körpüsündə baş verənlərlə ətraflı məşğul olmalıdır.

O, həmçinin Krım körpüsünün tezliklə bərpasını tələb edib.