Petre Mamradze: WUF13-ün Bakıda keçirilməsi bütün Cənubi Qafqaz üçün mühüm hadisədir
- 17 may, 2026
- 14:17
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin himayəsi altında urbanizasiya mövzusuna həsr olunmuş belə bir mötəbər forumun Bakıda təşkili həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır.
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında ölkənin Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı danışarkən deyib.
O bildirib ki, Bakının son illər ərzində necə yenidən qurulduğu Gürcüstanda yaxşı bilinir:
"Eyni zamanda, hamımız görürük ki, Qarabağda uzun illər işğal altında olmuş ərazilərdə hazırda genişmiqyaslı tikinti və quruculuq işləri aparılır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin bölgədə müasir şəhərsalma konsepsiyalarına uyğun inkişaf prosesi gedir".
P.Mamradzenin sözlərinə görə, burada söhbət yalnız dağıdılmış binaların bərpasından getmir. Əsas məsələ XXI əsrin standartlarına uyğun yeni şəhərlərin, yaşayış məkanlarının formalaşdırılmasıdır. Bu baxımdan, Bakıda keçirilən forum çox faydalı olacaq.
Siyasi şərhçi əlavə edib ki, hazırda Gürcüstanda, xüsusilə Tbilisidə də intensiv tikinti və inkişaf prosesi müşahidə olunur:
"Bu gün həm Tbilisidə, həm də ümumilikdə Gürcüstan boyunca geniş quruculuq işləri həyata keçirilir. Ona görə də indi dağıtmaq yox, qurmaq zamanıdır. Belə bir forum region ölkələri üçün mühüm təcrübə və əməkdaşlıq platforması olacaq", - deyə Mamradze vurğulayıb.