Paşinyanın partiyası növbədənkənar seçkilərə getməyi planlaşdırmır
- 29 oktyabr, 2025
- 15:39
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası növbədənkənar seçkilərə getmək niyyətində deyil və 2026-cı ilin iyununda keçiriləcək seçkilərə hazırlaşır.
"Report"un Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu baş nazirin aparat rəhbəri Araik Arutyunyan bildirib.
Onun sözlərinə görə, növbədənkənar seçkilərlə bağlı məsələ müzakirə olunur, lakin hakimiyyət buna ehtiyac olmadığını hesab edir.
"Biz növbəti seçkilərə gedirik və burada hansısa bir intriqa axtarmaq lazım deyil", - rəsmi söyləyib.
Daha əvvəl məlum olmuşdu ki, qarşıdan gələn parlament seçkilərində hakim partiyanın seçki qərargahına Arutyunyan rəhbərlik edəcək. Məlumata görə, hakimiyyət müxalifəti təmsil edən siyasi qüvvələrin seçkilərdə iştirak məqsədilə qeydiyyatdan keçməsinə imkan verməmək üçün növbədənkənar seçkilərə gedə bilər. Söhbət xüsusilə "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın siyasi qüvvəsindən gedir.