Paşinyan: "Tramp Marşrutu" Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirəcək
- 21 noyabr, 2025
- 18:08
Ermənistan Vaşinqton Bəyannaməsinin nəticələrinə əsasən "Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə diqqət yetirir və onun hüquqi əsasları və tənzimlənməsi üzrə razılaşma əldə etmək üçün ABŞ ilə fəal danışıqlar aparır.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra mətbuat konfransında bildirib.
"Bildiyiniz kimi, Vaşinqton Bəyannaməsinin nəticələrinə əsasən əsas və prinsipial məsələlər müəyyən edilib və razılaşdırılıb, Ermənistan və Azərbaycan bir-biri üçün daxili (Ermənistandan Ermənistana Azərbaycan, Azərbaycandan Azərbaycana isə Ermənistan ərazisi vasitəsilə) ikitərəfli və beynəlxalq əlaqə kommunikasiyalarını açırlar. Vaşinqton Bəyannaməsinə uyğun olaraq, bütün bunlar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında həyata keçiriləcək", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Ermənistan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, eləcə də həm Ermənistanın, həm də Qazaxıstanın ixrac potensialını artıracaq.
"Biz çox şadıq ki, Qazaxıstan ən yüksək səviyyədə dəmir yolu kommunikasiyaları, boru kəmərləri, elektrik ötürmə xətləri, kabellər, həmçinin Ermənistan və Azərbaycanın bir-birinə təqdim etməyə hazır olduğu avtomobil nəqliyyatı infrastrukturundan ibarət olacaq bu layihəyə maraq göstərir", - o qeyd edib.