“Middle East Eye”: “Türkiyə Fars körfəzində təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”
- 20 aprel, 2023
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Fars körfəzində təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
“Report” xəbər verir ki, bu barədə “Middle East Eye” nəşrində dərc olunan məqalədə deyilir.
Məqalənin müəllifi, tədqiqatçı Əli Bəkir qeyd edib ki, Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə Türkiyədə hakimiyyətə gəldikdən sonra yeni, çoxşaxəli və inamlı xarici siyasətə start verib: “Bu da ölkənin həm regional, həm də beynəlxalq səviyyədə statusunu, rolunu və təsirini artırıb”.
“Son 10 ildə Türkiyənin Fars körfəzində təhlükəsizlik yönümlü rolu əsasən daxili, regional və beynəlxalq dinamika ilə formalaşıb. Regional təhlükəsizlik, struktur həssaslığı, xaric ölkələrin müdafiəsinə arxalanma və Vaşinqtonun Fars körfəzində təhlükəsizlik öhdəliklərinin azalması Ankaranın regionun təhlükəsizliyində rolunun artmasına səbəb olub”, - məqalədə bildirilib.
Ə.Bəkirin sözlərinə görə, Ankaranın Fars körfəzi regionunda daha mühüm rol oynamaq istəyi Türkiyənin Qətərdə, yəni Yaxın Şərqdəki ilk hərbi bazasının yaradılması məsələsində özünü göstərib: “2017-ci ildə Fars körfəzi böhranı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, o, Səudiyyə Ərəbistanı kralına ən azı iki il əvvəl Səudiyyə Ərəbistanında Türkiyənin hərbi bazasının yaradılmasını təklif edib”.
Müəllif Türkiyənin Fars körfəzində rolunun güclənməsi ilə bağlı İranın mövqeyini də xüsusilə qeyd edib: “İran Türkiyənin bu regionun iqtisadiyyatında və təhlükəsizliyində daha mühüm rol oynamağa başlamasından məmnun deyildi. Körfəz böhranının ilk günlərində İran hakimiyyəti bürokratik prosedurları əsas gətirərək qida və məhsul daşıyan Türkiyənin yük maşınlarının Qətərə girişini əngəlləmişdi. Bundan əlavə, İran hakimiyyəti Türkiyənin Fars körfəzində birbaşa hərbi mövcudluğundan razı deyildi”.
O vurğulayıb ki, Çin, Rusiya və hətta Hindistan kimi qeyri-regional aktorlar da gələcəkdə Türkiyənin Fars körfəzində təhlükəsizlik sahəsində artan roluna meydan oxuya bilərlər.
Müəllifin fikrincə, bundan yan keçmək üçün Türkiyə iqtisadi gücünü artırmalıdır: “Türkiyə qeyri-regional oyunçularla rəqabət aparmaq və gələcəkdə təhlükəsizliklə bağlı rolunun gücləndirilməsinə töhfə vermək üçün Fars körfəzi ölkələri ilə qarşılıqlı əlaqələri daha da genişləndirməlidir”.