Kiyevə dron hücumu zamanı zərərçəkənlər arasında soydaşlarımız da var - FOTOREPORTAJ
- 22 dekabr, 2023
- 09:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna paytaxtı Kiyev ötən gecə növbəti dron hücumlarına məruz qalıb. Zərərçəkənlər arasında həmyerlilərimiz də var. Yaşayış evləri ciddi zərər görən həmyerlilərimiz xoşbəxtlikdən evlərində olmadığı üçün insan tələfatı olmayıb. Buna baxmayaraq, mülki insanlar arasında yaralananlar var. Bu, dekabr ayı ərzində Rusiya ordusu tərəfindən intensiv olaraq Ukrayna paytaxtına edilən növbəti hava hücumudur.
Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov "Report"un Şərqi Avropa bürosuna vəziyyəti şərh edərək bildirib ki, bu, Ukrayna paytaxtına son altı gündə üçüncü, bütövlükdə dekabr ayı ərzində isə baş verən sayca beşinci hücumdur: "Rusiya İran istehsallı “Shahed” dronları ilə hücum edir, yenə hədəf infrastruktur və yaşayış məhəllələrini hədəfə alır. Dronlardan biri Kiyevin Solomensk rayonunda bədbəxt hadisəyə səbəb olub – çoxmərtəbəli evin yuxarı 3 mərtəbəsində yanğın baş verib, digər 3-də isə pəncərələr sındırılıb”.
“İlkin məlumatlara görə, iki nəfər müxtəlif dərəcəli kəsik xəsarətləri alıb, bir nəfər hospitala yerləşdirilib. Darnitsk rayonunda dronun hissələrinin düşməsi qeydə alınıb. Orada iki mərtəbəli şəxsi evdə yanğın baş verib, xəsarət alan yoxdur. Qoloseyevsk rayonunda da dron hissələrinin düşməsi olub, xəsarət yoxdur", - əlavə edib.
"Report"un əməkdaşı hücumun nəticələri ilə bağlı fotoreportaj hazırlayıb.