İran-Ermənistan elektrik xətti gələn ilin I yarısında qismən istifadəyə verilə bilər
- 01 oktyabr, 2025
- 10:17

İranla Ermənistan arasında 400 kVt gərginlikli elektrik ötürücü xəttinin tikintisi 2026-cı ilin I yarısında qismən başa çatdırıla bilər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinə məxsus "Yüksək gərginlikli elektrik şəbəkələri" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Həmin vaxta qədər xəttin İran sərhədindən Sisian rayonunda tikilməkdə olan Noravan yarımstansiyasına qədər bir dövrəsinin başa çatdırılması planlaşdırılır.
"Nəticədə Ermənistan və İran arasında enerji axınlarının ötürülmə qabiliyyəti 1000 MVt-dan çox səviyyəyə (hazırda 330 MVt-dır) çatdırılacaq. Lakin bu, yalnız xəttin tikintisi tam başa çatdıqdan (iki dövrə ilə) və Ddmaşendəki yarımstansiyaya qoşulduqdan sonra baş verəcək. Qismən tamamlanmadan sonra (Noravan yarımstansiyasına qədər bir dövrə ilə) ötürmə gücü təxminən 500 MVt təşkil edəcək", - QSC-dən bildirilib.
Ddmaşendəki yarımstansiya Ermənistan-Gürcüstan xəttinin bir hissəsi olacaq, belə ki, 400 kVt-lıq xətt Ddmaşendən Gürcüstan sərhədinə qədər çəkiləcək. Burada işlər yaxın vaxtlarda başlayacaq.
400 kV gərginlikli Ermənistan-İran xətti İranın, Gürcüstan istiqamətindəki xətt isə Almaniyanın KfW bankının krediti hesabına inşa edilir. Tikinti işlərinin podratçısı İran şirkətidir.