İranlı deputatlar daxili işlər nazirinin impiçment edilməsini istəyirlər
- 01 noyabr, 2018
- 07:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ İran parlamentinin xüsusi komissiyası noyabrın 5-də ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin impiçment edilməsi ilə bağlı təklifə baxacaq.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, 25 deputat oktyabrın 3-də nazirə etimadsızlıq göstərilməsi ilə bağlı qanunverici orqana layihə göndərib.
Deputatlar Əbdülrza Rəhmani Fəzlinin vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi kobud xidməti səhvə görə tənqid ediblər. Onlar naziri təhlükəsizlik məsələlərini lazımı səviyyədə həyata keçirə bilməməkdə, xüsusi ilə Əhvazdakı terror hücumuna görə ittiham ediblər. Deputatların fikrincə, daxili işlər naziri ölkədə qaçaqmalçılığın qarşısının alınması sahəsində lazımı tədbirlər görmür, bu sahələrdə zəifliyə yol verir, həmçinin bələdiyyələrin fəaliyyətinin monitorinqini yetərli aparmır.
Deputatlar bu məsələlərdə nazirə irad bildiriblər və ayıq-sayıqlığın itirilməsini impiçment üçün başlıca səbəb olaraq göstəriblər.
Qeyd edək ki, Əbdülrza Rəhmani Fəzli 2013-cü il avqustun 15-dən, yəni Həsən Ruhaninin prezidentliyinin birinci dövründən daxili işlər naziridir.
Xatırladaq ki, sentyabrın 22-də İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 25 nəfər ölüb.