Hasan Kondu: Media İslam sivilizasiyası irsinin populyarlaşdırılmasına töhfə verə bilər

Region
  • 24 avqust, 2026
  • 16:24
Hasan Kondu: Media İslam sivilizasiyası irsinin populyarlaşdırılmasına töhfə verə bilər

Media İslam sivilizasiyası irsinin populyarlaşdırılmasına kömək edə bilər.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Türkiyənin "Bega Basım" nəşriyyat şirkətinin İdarə Heyətinin sədri Hasan Kondu Özbəkistanda keçirilən "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" Beynəlxalq mediaforumu çərçivəsində Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində tələbələrlə görüşündə bildirib.

"Bu gün elmi və mədəni irsi geniş auditoriya üçün əlçatan etmək vacibdir, media və nəşriyyat fəaliyyəti isə bunda xüsusi rol oynayır", - Kondu deyib.

O, nəşriyyat sahəsindəki çoxillik iş təcrübəsindən, Türkiyədə elmi-kütləvi ədəbiyyatın inkişafından və kitab nəşri sahəsində beynəlxalq əməkdaşlıqdan danışıb.

Kondu həmçinin Özbəkistanla ölkənin tarixi və mədəni irsinə həsr olunmuş materialların, o cümlədən İslam Sivilizasiyası Mərkəzində təqdim olunan çoxcildli nəşrlərin dərc edilməsi sahəsində əməkdaşlıqdan da bəhs edib.

"Report"un müxbiri Gülnar Mahmudova tələbələrlə görüşdə Özbəkistanın tarixi və elmi irsinin beynəlxalq auditoriyaya təqdim olunmasında müasir medianın rolunun vacibliyini vurğulayıb.

"Bu gün jurnalistikanın vəzifəsi yalnız hadisələr haqqında operativ məlumat verməkdən ibarət deyil. Media həm də mədəni dialoq faktoru ola və ayrı-ayrı ölkələrin tarixi və elmi irsinin beynəlxalq informasiya məkanının bir hissəsinə çevrilməsinə kömək edə bilər", - o bildirib.

Onun sözlərinə görə, Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzi beynəlxalq media üçün böyük maraq kəsb edir, çünki bu mərkəz Mərkəzi Asiyanın və onun böyük alimlərinin dünya elmi və mədəniyyətinin inkişafına verdiyi töhfə haqqında danışmağa imkan verir.

"İmam Buxari, İmam Tirmizi, Biruni, İbn Sina və əl-Xarəzmi kimi alimlərin irsi region hüdudlarından çox-çox kənarda da əhəmiyyətə malikdir. Bu irs barədə müasir və anlaşılan dildə danışmaq vacibdir", - müxbir qeyd edib.

44 filmi