Hakan Fidan: ABŞ-nin İsrailin yürütdüyü siyasət üzərində təsiri düşünüldüyü qədər də güclü deyil
- 19 sentyabr, 2025
- 01:34

İordan çayının Qərb sahilinin ilhaqına yönəlmiş cəhdlərin qarşısında olmağa və bu istiqamətdə çalışmağa davam edəcəyik.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Misirin "MBC Masr" kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Fələstin Dövlətinin qurulması üçün çalışacağıq. Bu, regional sülh üçün vazkeçilməzdir. Digər tərəfdən, İsrailin bölgədə ekspansiyanı artıq bir siyasətə çevirməsini biz – region ölkələri və beynəlxalq ictimaiyyət olaraq müzakirə etməli və tədbir görməliyik. Bu son dərəcə vacibdir", - Hakan Fidan vurğulayıb.
Fidan qeyd edib ki, İsrail öz "güc"ünü bölgədə ona yaxın olan ölkələrin siyasi və iqtisadi zəifliyindən, texnoloji cəhətdən geriliyindən alır və bu ölkələrlə bərabər inkişaf, rifah və gücə əsaslanan regional vizyonu özünə təhlükə kimi görür.
"Bölgədə bütün tərəflərin birlikdə sülh içində yaşaması mümkündür. Təhlükəsizlik adı altında belə ekspansiv siyasəti strateji olaraq qəbul etmək hər kəs üçün təhlükəlidir", - Türkiyənin XİN rəhbəri deyib.
Türkiyənin ABŞ ilə münasibətlərinin Qəzza məsələsində necə istifadə oluna biləcəyinə dair sualı cavablandıran Fidan bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq diplomatik fəaliyyətinin böyük hissəsini Qəzzadakı müharibənin dayandırılmasına həsr edib.
"Amerika daxili siyasətində onilliklərdir formalaşmış bir reallıq var. Bu reallıq "kim kimə nəzarət edir və kim kimi idarə edir" sualı ilə bağlıdır. Son hadisələr göstərdi ki, əslində, ABŞ-nin İsrailin yürütdüyü siyasət üzərində təsiri düşünüldüyü qədər də güclü deyil", - Fidan əlavə edib.