Gürcüstanın DTX rəhbəri: Aşkarlanan partlayıcının Rusiyaya aparılması barədə versiyalar mövcuddur
- 01 oktyabr, 2025
- 23:57

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze ölkədə aşkarlanan "Heksogen" partlayıcı maddəsi ilə bağlı yeni açıqlama verib.
"Report"un yerli bürosu xəbər verir ki, Mdinaradze bu barədə "İmedi" telekanalına müsahibəsində danışıb.
"Heksogen" Ukraynadan gətirilirdi və bir neçə ölkə üzərindən Gürcüstana daxil olub. İndiki mərhələdə daha inandırıcı versiya odur ki, bu maddə Gürcüstanda qalıb. Bununla belə, onun Rusiyaya aparılması barədə versiya da istintaq materiallarında mövcuddur. Hər iki halda təhlükənin miqyası çox böyük idi və biz ciddi təhlükənin qarşısını ala bildik", – Mdinaradze deyib.
O qeyd edib ki, istintaq hələlik bütün detalları açıqlamır, lakin əldə olunan məlumatlar Gürcüstanın potensial təxribatlardan yayındığını göstərir:
"Əgər həmin partlayıcı maddələr ölkəmizdə istifadə olunsaydı, bu, ictimai təhlükəsizlik üçün ağır nəticələr doğura bilərdi. Eyni zamanda, Gürcüstanın tranzit dəhlizinə çevrilməsi də ölkəmizi böyük risk altına qoyardı".
Mdinaradze aparıcının "seçkiqabağı dövrdə Ukrayna xüsusi xidmət orqanlarının rolunun diqqət çəkməsi" barədə sualını da şərh edib. O, 2016-cı ildə parlament seçkilərindən dörd gün əvvəl siyasətçi Givi Tarqamadzenin avtomobilinin partladılması hadisəsini yada salaraq vurğulayıb ki, bu cür prosesləri təsadüfi hesab etmək olmaz:
"Ən azından, bunun təsadüf olduğunu ciddi qəbul edə bilmərik. Gürcüstanda hər seçkidən əvvəl oxşar xüsusi əməliyyatlar həyata keçirilir. Məqsəd çox vaxt iğtişaş yaratmaq və ölkədə sabitliyi pozmaq olur".
Xatırladaq ki, Gürcüstan DTX Ukrayna səfirliyinə partlayıcı maddələr gətirdiyinə görə iki Ukrayna vətəndaşının saxlanıldığını açıqlayıb.