Gürcüstanda bələdiyyə seçkiləri üçün 12 partiya, Tbilisi merliyinə isə 9 namizəd qeydə alınıb
- 23 sentyabr, 2025
- 11:31

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məlumat yayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurumun açıqlamasına görə, 4 oktyabr 2025-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək üçün 12 siyasi partiya və partiya siyahısı qeydə alınıb.
MSK-dan, həmçinin bildirib ki, Tbilisidə 9 merliyə namizəd qeydə alınıb. Ümumilikdə isə ölkənin digər bölgələrində 63 bələdiyyədə 112 bələdiyyə sədri (mer) namizədi qeydə alınıb. Bundan əlavə, təşəbbüs qrupları tərəfindən 32 majoritar namizəd təqdim olunub.
Komissiyanın məlumatına əsasən, seçki prosesini daha şəffaf və əlçatan etmək üçün namizədlərin qeydə alınması prosedurları sadələşdirilib.
Qeyd edək ki, seçkilər Sakrebulo (bələdiyyə şuraları), şəhər və icma merləri, həmçinin majoritar namizədlər üzrə keçiriləcək.