Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu 42% azalıb
- 09 iyun, 2020
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların məbləği 165,4 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% azdır.
Azalmanın əsas səbəbləri neft kəmərinin inşası layihəsinin başa çatdırılması və bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentlərdən rezidentlərə ötürülməsidir.
Yanvar-martda qonşu ölkənin əsas investorlarının ilk üçlüyünə Böyük Britaniya (73,1 milyon ABŞ dolları), ABŞ (28,1 milyon ABŞ dolları) və Panama (19,6 milyon ABŞ dolları) daxil olub.
Hesabat dövründə ən çox investisiya maliyyə sektoruna yatırılıb. Bu sahəyə yönəldilən sərmayələrin məbləği 94,9 milyon ABŞ dollarına bərabər olub.