Ermənistanda Maliyyə Nazirliyi və vitse-spiker məhkəməyə verilib
- 25 noyabr, 2025
- 12:29
Həbs edilmiş Gümrü meri Vardan Qukasyan Ermənistan parlament sədrinin müavini Ruben Rubinyanı və Maliyyə Nazirliyini məhkəməyə verib.
"Report" Ermənistan KİV-nə istinadən məlumatına görə, bu barədə məlumat Datalex məhkəmə-hüquq informasiya saytında yerləşdirilib.
V.Qukasyan Rubinyandan fikrincə böhtançı məlumatların açıq şəkildə təkzib edilməsini və 500 min dram (təxminən 1300 dollar) məbləğində kompensasiya tələb edir.
Bundan əlavə, Qukasyan hesab edir ki, onun ədalətli məhkəmə araşdırması hüququ (təqsirsizlik prezumpsiyasını nəzərdə tutan) pozulub. Bu səbəbdən o, Ermənistandan (Maliyyə Nazirliyi şəxsində) kompensasiya olaraq daha 500 min dram tələb edir.
Əvvəllər Rubinyan dəfələrlə açıq şəkildə, o cümlədən sosial şəbəkələrdə Qukasyanı "rüşvətxor" adlandırıb.
Xatırladaq ki, Qukasyan Cinayət Məcəlləsinin "Rüşvət alma" maddəsi ilə ittiham olunur, lakin o, günahını qəbul etmir. Müdafiə tərəfinin məlumatına görə, ittihamda olan epizodların demək olar ki, hamısı Qukasyanın şəhər rəhbəri olmadığı 2024-cü ilin dekabr ayından 2025-ci ilin fevralınadək olan dövrə aiddir.
Daha sonra İstintaq Komitəsi Qukasyanın Rusiya ilə ittifaq yaratmaq zərurəti barədə bəyanatlarına görə ona qarşı yeni cinayət işi açıb, onları Cinayət Məcəlləsinin "Ermənistan Respublikasının suverenliyindən imtinaya açıq çağırış" maddəsi ilə tövsif edib.