Ermənistan "Şimal-Cənub" marşrutu çərçivəsində yol tikintisinə 22 milyon dollara yaxın vəsait ayıracaq
- 06 noyabr, 2025
- 17:43
Ermənistan hökuməti "Şimal-Cənub" marşrutu çərçivəsində yeni Kacaran-Aqarak yolunun tikintisinə əlavə olaraq 8,4 milyard dram (təxminən 22 milyon dollar) ayıracaq.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu hökumətin iclasında baş nazirinin müavini Tiqran Xaçatryan bildirib.
Onun sözlərinə görə, işlərin ümumi dəyəri 214 milyon dollar qiymətləndirilir ki, bunun 70 milyon dolları 2025-ci ilin sonunadək istifadə ediləcək.
O qeyd edib ki, layihə üzrə işlər qrafikdən irəlidədir və cari ilin sonunadək onlar 30 % yerinə yetiriləcək. Bu baxımdan əlavə vəsaitin ayrılması ilə bağlı qərar qəbul edilib.
"İrəvan-Gümrü hissəsindəki işlərə gəlincə, ilin sonunadək onlar 34 km və 8 km uzunluğunda olan son iki hissədə yekunlaşacaq. Növbəti yaz bu yol tamamilə hazır olmalıdır", - T.Xaçatryan əlavə edib.
Kacaran-Aqarak yolu 32 km uzunluğunda olub, İran sərhədindən Ermənistanın Sünik vilayətinin mərkəzinə gedişat müddətini yarım saat, İrəvandan Gümrüyə isə bir saata qədər azaldacaq.