Ermənistan hökuməti Aİİ və BƏƏ arasında ticarət sazişinin ratifikasiyasına razılıq verib
- 14 noyabr, 2025
- 14:20
Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi tərəfdaşlıq sazişinin ratifikasiyasına razılıq verib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı qərar ölkənin Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib.
İyun ayında Minskdə Aİİ-nin Ali İqtisadi Şurasında imzalanmış saziş ratifikasiya üçün Ermənistan parlamentinə (eləcə də Aİİ-nin üzvü olan digər ölkələrə) göndərilib. Saziş Aİİ ölkələrinin ixracının 98 %-nə, Ermənistanın ixracının 95 %-nə, o cümlədən respublika üçün vacib ixrac mallarına (siqaretlər, spirtli içkilər, şokolad və şirələr) güzəştlərin tətbiq olunmasını nəzərdə tutur. BƏƏ-nin bu mallara orta idxal rüsumu 6 %-dən 2,6 %-ə qədər azalacaq ki, bu da Ermənistan biznesinin təxminən 500 min dollara qənaət etməsinə imkan verəcək.
Ermənistan hökumətinin qiymətləndirməsinə görə, güzəştlər digər malların ixracı üçün də perspektivlər açacaq. Ermənistan BƏƏ-yə cəmi 1,5 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edir (2024-cü ilin məlumatları), lakin 10 milyon dollarlıq potensialı var.