Ermənistan Baş naziri: TRIPP Xəzər və Aralıq dənizləri arasında yeni dəhliz yaradacaq
- 30 oktyabr, 2025
- 10:47
Cənubi Qafqazda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı sayəsində Fars və Oman körfəzlərini Qara dənizlə birləşdirən yeni marşrutlar, eləcə də, Xəzər və Aralıq dənizləri arasında yeni bağlantılar yaranacaq.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda deyib.
Hökumət başçısı TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsinin həm Ermənistan, həm də Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.
"Regional qarşılıqlı əlaqə o deməkdir ki, biz - həm Ermənistanı, həm də Azərbaycanı nəzərdə tuturam - bir-birimizin ərazisindən daxili, ikitərəfli və beynəlxalq kommunikasiyalar üçün istifadə etmək imkanı əldə edəcəyik. Bu da ərazimizdən yeni beynəlxalq tranzit marşrutunun açılması deməkdir. Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həqiqətən də beynəlxalq ticarət, eləcə də regionumuz üçün dönüş nöqtəsi ola bilər", - N.Paşinyan vurğulayıb.
O əlavə edib ki, regional kommunikasiya yollarının açılmasında maraqlı olmayan qüvvələrin mövcudluğunu dərk edirdi: "Lakin əslində bu layihə (TRIPP - red.) bütün oyunçular üçün faydalıdır".