Əraqçi: BMT TŞ nüvə məsələsinin diplomatik yolla həlli üçün müdaxilə etməlidir
- 19 sentyabr, 2025
- 13:04

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İranın nüvə proqramı məsələsində fikir ayrılıqlarının diplomatik yolla həll edilməsi və BMT Təhlükəsizlik Şurasının (TŞ) bu məsələyə müdaxilə etməsinin vaxtı çatıb.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
Nazirin sözlərinə görə, İran "Avroüçlük" ölkələrinə (Fransa, Almaniya və Böyük Britaniya - red.) və Aİ-yə lazımsız böhranın qarşısını ala biləcək plan təqdim edib.
O əlavə edib ki, İran artıq böhranın qarşısını almaq üçün addımlar atıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq haqqında saziş imzalayıb və qarşılıqlı faydalı həll təklif edib. Bununla yanaşı, A.Əraqçi vurğulayıb ki, İran vəziyyətin nizamlanmasına görə cavabdeh olan yeganə tərəf ola bilməz.
Qeyd edək ki, Avropa "üçlüyü" Tehran hökumətinə üç şərt irəli sürüb: ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətinə son qoymaq, zənginləşdirilmiş uran haqqında məlumat vermək.
Tehrana bu şərtləri yerinə yetirmək üçün 30 gün vaxt verilib. Əks halda "snapback" mexanizmi tətbiq ediləcək. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yenidən qüvvəyə minəcək.