Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB

Region
  • 31 mart, 2026
  • 22:29
Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB

İran ABŞ-nin münaqişənin sona çatdırılması üçün təklif etdiyi 15 bəndlik planına cavab verməyib.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində deyib.

"Biz Amerikanın 15 bəndlik təklifinə heç bir cavab göndərməmişik, nə də hər hansı təklif və ya şərt irəli sürmüşük", - o bildirib.

Əraqçi qeyd edib ki, İran atəşkəsi qəbul etməyəcək:

"Yalnız müharibənin sonunu, yəni fasiləni deyil, bütün regionda hərbi əməliyyatların dayandırılmasını qəbul edəcəyik".

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə ya birbaşa, ya da "regiondakı dostlar" vasitəsilə mesaj mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, Əraqçi bunu "Al Jazeera"yə müsahibəsində deyib.

O qeyd edib ki, bu, İranın Vaşinqtonla danışıqlar apardığı anlamına gəlmir.

"Mən əvvəlki kimi Uitkoffdan (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv - red.) birbaşa mesajlar alıram və bu o demək deyil ki, biz danışıqlar aparırıq", - o deyib.

Qeyd edək ki, martın 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai 31 gün ərzində ABŞ ilə heç bir danışıqların aparılmadığını açıqlayıb.