DSMF BMT mükafatına layiq görülüb
- 25 iyun, 2026
- 12:16
Gürcüstanın Tbilisi şəhərində keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mükafata layiq görülüb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, DSMF "Hamı üçün əlçatan və inklüziv dövlət sosial müdafiə xidmətləri" təşəbbüsü ilə forum çərçivəsində keçirilən müsabiqədə qalib olub.
Müsabiqənin nəticələrinə əsasən, təqdim edilən layihə yüksək qiymətləndirilib və Azərbaycan mükafata layiq görülüb.
Mükafat Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim edilib.
Qeyd edək ki, təşəbbüs sosial müdafiə xidmətlərinin əlçatanlığının artırılması, inklüziv yanaşmanın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işləri əhatə edir.