Cevdet Yılmaz bütün dövlətləri İsrail parlamentinin qərarını qınamağa çağırıb
- 23 oktyabr, 2025
- 00:51

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İsrail parlamentinin (Knesset) ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsi qəbul etməsini əldə olunmuş atəşkəs razılaşmasına qarşı provokasiya olduğunu bildirib.
"Report" xəbər verir ki, C. Yılmaz bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Fələstin Dövlətini tanıyan bütün dövlətləri, beynəlxalq hüquqa əsaslanan bütün ölkələri və beynəlxalq qurumları Fələstin xalqına və torpağına yönəlmiş bu təcavüzkarlığın qarşısında dayanmağa çağırırıq", - vitse-prezident bildirib.
O bildirib ki, Türkiyə iki dövlətli həll əsasında Fələstin Dövləti qurulana qədər Fələstin xalqını dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, Knesset ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Türkiyə Xarici İşlər Nazirliyi bu qərarın beynəlxalq hüquqa zidd olduğuna dair bəyanat yayıb.