Britaniya Baş naziri: "İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi vəhşilik və qorxaqlıqdır"

Region
  • 14 yanvar, 2023
  • 08:02
Britaniya Baş naziri: İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi vəhşilik və qorxaqlıqdır

“İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.

O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.

Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.