Birol Akgün: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha dərin və qiymətlidir

Region
  • 21 avqust, 2026
  • 15:24
Birol Akgün: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha dərin və qiymətlidir

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıq və ya dövlətlərarası əməkdaşlıqla izah edilə bilməyəcək qədər dərin, möhkəm və qiymətlidir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Ahıska Türkləri – İtmiş Sürgünün İzində" sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, bu əlamətdar sərgi İstanbul və Bakıdan sonra Ahıska türklərinin sürgün edilmələrinin 82-ci ildönümündə - noyabrın 14 də Ankarada davam edəcək. Səfir sərginin 2027-ci ildə müxtəlif ölkələrdə də təşkil olunacağını vurğulayıb:

"İstanbulda başlayan bu yaddaş səyahətinin Bakıda davam etməsi, əlbəttə, təsadüfi deyil. Çünki Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıq və ya dövlətlərarası əməkdaşlıqla izah edilə bilməyəcək qədər dərin, möhkəm və qiymətlidir. Bizi bir-birimizə bağlayan ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz və ortaq dəyərlərimiz var".

Diplomatın sözlərinə görə, Bakının bu gün Ahıska türklərinin tarixindən və yaddaşından bəhs edən sərgiyə ev sahibliyi etməsi Türk dünyasının ortaq yaddaşına sahib çıxmaq iradəsinin göstəricisidir:

"Böyük türk millətinin ayrılmaz parçası olan Ahıska türklərinin tarixi ağrılarını Türkiyə və Azərbaycan türkləri olaraq ortaq ağrılarımız kimi görürük. Dünən olduğu kimi, bu gün və sabah da həmin məzlum, lakin məğrur qardaşlarımızı birlikdə bağrımıza basmaqda davam edəcəyik. Türkiyə ilə Azərbaycan ortaq mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində də sıx əməkdaşlıq edir. Bakının bu gün Ahıska türklərinin tarixindən və yaddaşından bəhs edən sərgiyə ev sahibliyi etməsi Türk dünyasının ortaq yaddaşına sahib çıxmaq iradəmizin güclü göstəricisidir".