Bəqai Hörmüz boğazı ilə bağlı mövqeyinə görə Almaniyanı tənqid edib

Region
  • 07 iyul, 2026
  • 03:39
Bəqai Hörmüz boğazı ilə bağlı mövqeyinə görə Almaniyanı tənqid edib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Hörmüz boğazı ilə bağlı dediklərini tənqid edib.

"Report" xəbər verir ki, İ. Bəqai bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Almaniyanın xarici işlər nazirinin ritorikası tamamilə utancvericidir", - o bildirib.

Yohann Volfqanq Hötenin "Faust" əsərindəki Mefistofeli nümunə gətirən Bəqai Berlini ABŞ ilə ortaqlıqda ittiham edib:

"Almaniya İrana qarşı hərbi təcavüzdəki şərikliyinə görə tam məsuliyyətə cəlb edilməli və cinayətdəki fəal iştirakının ağır bədəlini ödəməlidir.

Heç bir təhqiramiz mövqe nümayişi Berlinə bu qeyri-qanuni müharibədəki roluna və İran xalqına qarşı törədilmiş müharibə cinayətlərinə görə məsuliyyətdən boyun qaçırmağa imkan verməyəcək".

Xatırladaq ki, Y. Vadeful Hörmüz boğazında minaların təmizlənməsi üçün İranın pul ödəməli olduğunu qabardıb.