BAEA Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını açıqlayıb

Region
  • 12 noyabr, 2025
  • 22:52
BAEA Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını açıqlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hərbi hücumlardan sonra İranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının yoxlanılmasında çətinliklərin yarandığını bildirib.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, yoxlamalar yalnız hücumlardan zərər görməmiş obyektlərdə aparılıb, İran isə zədələnmiş obyektlərə giriş imkanı verməyib.

Agentliyin üzv dövlətlər üçün hazırladığı məxfi hesabatda qeyd olunub ki, zənginləşdirilmiş uran ehtiyatlarının uçotu "artıq çoxdan gecikib". BAEA xatırladıb ki, onun qaydalarına əsasən, 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının aylıq yoxlanılması tələb olunur ki, bu da silah səviyyəsinə (təxminən 90%) yaxın göstəricidir.

Xəbərdarlıq edilib ki, zədələnmiş obyektlərdəki ehtiyatların vəziyyəti yoxlanıla bilinmir və bu məsələnin "təcili şəkildə həll edilməsi" vacibdir.

BAEA-nın qiymətləndirməsinə görə, hərbi hücumlaradək İran 440,9 kq yüksək dərəcədə zənginləşdirilmiş uranı uran heksafluorid şəklində saxlayırdı. Agentliyin meyarlarına görə, bu miqdar onadək nüvə bombası istehsalı üçün kifayət edir.

Hücumlar nəticəsində zənginləşdirilmiş uranın bir hissəsi məhv edilsə də, mənbələr bildirirlər ki, ehtiyatların böyük hissəsi çox dərin yeraltı obyektlərdən biri olan İsfahandakı müəssisədə saxlanılırdı. Həmin obyektin giriş tunelləri hücuma məruz qalsa da, görünən odur ki, zərər əhəmiyyətli olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti