Azərbaycanlı gənclər Tbilisidə rəsm və əl işlərini nümayiş etdiriblər

Region
  • 24 dekabr, 2021
  • 12:38
Azərbaycanlı gənclər Tbilisidə rəsm və əl işlərini nümayiş etdiriblər

Gürcüstanın Apollon Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyasında “Palitra İnteqrasiya – 2021” adlı sərgi təşkil olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə baş tutan sərgidə Marneulidə fəaliyyət göstərən “Çay Evi”nin rəssamlıq və xalçaçılıq kurslarının tələbələrinin 100-ə yaxın əl işi təqdim edilib.

Tədbirdə çıxış edən Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Giorgi Ququşvili gürcü və azərbaycanlıların sıx dostluq münasibətlərindən söz açıb. O, SOCAR-a Gürcüstanda mədəni-humanitar layihələrə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. “Şirkətin bu sahəyə yönəltdiyi sərmayələr artıq özünü doğruldur və bugünkü sərgi bunun bariz nümunəsidir”.

Gürcüstan azərbaycanlılarına məxsus mədəniyyət nümunələrini yüksək qiymətləndirən rektor qeyd edib ki, ölkədə çox istedadlı, adət-ənənələri unutmayan və yeniliyə açıq olan yeni gənc azərbaycanlı nəsil yetişir.

Menecer Emin Əhmədov çıxışında məlumat verib ki, 2012-ci ildən SOCAR-ın dəstəyi ilə istifadəyə verilmiş “Çay Evi”ndə hazırda 500-ə yaxın gənc müxtəlif kurslardan ödənişsiz olaraq yararlanır: “Mərkəzimizdə gənclərin inkişafı ilə yanaşı, adət-ənənələrin də yaşadılmasına xüsusi diqqət yetirilir. Kurslarımızın yetirmələri arasında peşəkarlıq səviyyəsinə yüksələnlər var və biz onlarla fəxr edirik”.

Sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib ki, sərgilənən ekspozisiyaya peşəkar mədəniyət xadimlərinin verdiyi yüksək dəyər böyük önəm kəsb edir: ““Çay Evi”nin kursları sayəsində peşəkar rəssamlar yetişib. Ümid edirəm ki, onlar həm Gürcüstan, həm də digər ölkələrdə mədəniyyət və incəsənətimizi təbliğ edəcək, mədəni irsimizin qorunmasında xidmətlər göstərəcəklər”.

O, sərgilənən sənət əsərlərinin yer alacağı kataloqun dərc olunması təklifi ilə çıxış edib, gənc istedadlara uğurlar arzulayıb və Gürcüstandakı soydaşlarımızı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Gürcüstan Baş nazirinin regional məsələlər üzrə müşaviri Mariam Şelediya çıxışında sərginin təşkilini gürcü və azərbaycanlılar arasında mədəni dialoq baxımından müsbət qiymətləndirib: “Hökumət Administrasiyası bu cür tədbirləri alqışlayır, belə ki, onların sayəsində mədəniyyətlə yaxından tanışlıq mümkün olur. Tbilisi tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olub və ümid edirəm ki, gələcəkdə şəhər mədəniyyət habına çevrilərək bu missiyasını davam etdirəcək”.

SOCAR-ın nümayəndəsi Tofiq Əliyev də çıxış edərək şirkətin Gürcüstanda bir sıra layihə və tədbirlərə verdiyi dəstəkdən danışıb. O, SOCAR üçün mədəni tədbirlərin dəstəklənməsinin xüsusi önəm daşıdğını vurğulayarq, deyib ki, şirkət bu cür layihələrə dəstəyini bundan sonra da davam etdirəcək.

Sərgi çərçivəsində xalça toxunması prosesi də nümayiş etdirilib və ziyarətçilər üçün ustad xalçaçının köməkliyi ilə ilmə vurmaq imkanı yaradılıb.

Yekunda Tbilisi Dövlət Rəssamlıq Akademiyası, “Çay Evi” və Gürcüstan İncəsənət Akademiyası arasında əməkdaşlığıa dair sənəd imzalanıb.

44 - Tezliklə