Azərbaycan Gürcüstanda Dünya Bankının regional forumunda təmsil olunur
- 01 oktyabr, 2026
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı Qrupu Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan və Türkiyədən hökumət, özəl sektor, beynəlxalq təşkilat və digər maraqlı tərəflərin nümayəndələrini "Orta Dəhliz: Növbəti Mərhələ" adlı regional forumda bir araya gətirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, forum çərçivəsində Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca dünya səviyyəli ticarət logistikası" adlı hesabatı da təqdim olunub.
Hesabatda Orta Dəhlizin ticarət axınları, infrastruktur, logistika səmərəliliyi və sektor siyasəti baxımından mövcud vəziyyəti və qarşıda duran əsas çağırışlar qiymətləndirilib. Sənəddə 2040-cı ilədək dəhlizin daha rəqabətli və dayanıqlı nəqliyyat marşrutuna çevrilməsi üçün investisiyalar, siyasət islahatları və regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilib.
Dünya Bankının qiymətləndirməsinə görə, infrastruktur və xidmətlərin inkişafı istiqamətində ölkələr arasında koordinasiyalı fəaliyyət Orta Dəhlizə tələbatı növbəti 15 il ərzində əhəmiyyətli dərəcədə artıra bilər. Bunun üçün daha sürətli və etibarlı nəqliyyat xidmətləri, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi və sərhəd əməkdaşlığının gücləndirilməsi vacibdir.
Hesabatda dəmir yolları, limanlar və gəmiçilik operatorlarının gücləndirilməsi, özəl kapitalın daha fəal cəlb olunması, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi, eləcə də dəhliz boyunca rəqəmsal sistemlərin qarşılıqlı fəaliyyətinin təmin edilməsi tövsiyə olunur.
Dünya Bankı Gürcüstanın Xəzər və Qara dənizləri arasında strateji mövqeyinə görə Transxəzər Nəqliyyat Dəhlizində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, ölkədə dəmir yolu, avtomobil yolları, liman və logistika infrastrukturu üzrə investisiyaların daha səmərəli nəqliyyat xidmətləri, rəqəmsallaşma və regional koordinasiya ilə tamamlanması Gürcüstanın nəqliyyat qovşağı kimi mövqeyini gücləndirə bilər.
Hesabatda Transxəzər Nəqliyyat Dəhlizinin inkişafının Gürcüstan iqtisadiyyatına mümkün təsirləri də qiymətləndirilib. Proqnoza əsasən, 2040-cı ilədək ölkənin ÜDM-i 3,61%, məşğulluq isə 0,79% arta bilər. Eyni zamanda, idxal və ixracın genişlənməsi gözlənilir.
Sənəddə vurğulanır ki, Orta Dəhlizin növbəti inkişaf mərhələsi yalnız yeni infrastrukturun yaradılmasını deyil, bütün marşrutun vahid və səmərəli logistika sistemi kimi fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan Gürcüstan üçün əsas istiqamətlər etibarlı nəqliyyat xidmətlərinin yaradılması, institusional imkanların gücləndirilməsi, rəqəmsal əlaqələrin inkişafı, özəl investisiyaların cəlb edilməsi və regional əməkdaşlığın dərinləşdirilməsidir.